Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Şuşa şəhəri
Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərin adını bildirən «Şuşa» sözü bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan «şüşə» sözündəndir. Təbiət Şuşaya unikal bulaqlar və mineral sular bəxş etmişdir. Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaq adları bunu sübut edir. Şuşa şəhəri iki tərəfdən güclü qala divarı ilə əhatə olunmuşdur. Şəhərin yaranması Qarabağ xanlığının yaranması və onun qüdrətinin artması ilə bağlıdır. Xanlığın hökmdarı Pənahəli xan yadelli işğalçılardan müdafiə məqsədilə bir neçə qala, o cümlədən, Bayat və Şahbulaq qalalarını tikdirmiş, Əsgəran qalasını möhkəmlətmişdir. Lakin bunlar kifayət deyildi. Xan öz əyanları ilə birlikdə bir neçə il Bayat və Şahbulaq qalalarında qaldıqdan sonra 1756-1757-ci illərdə təzə bir qala tikdirdi. Bu qala əvvəlcə Pənahəli xanın şərəfinə Pənahabad, bir neçə ildən sonra isə yaxınlıqdakı kəndin adı ilə Şuşa qalası adlandırıldı. Xalq arasında bu qəsr sadəcə olaraq «Qala» adı ilə məşhurdur. Şuşa şəhər-qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XVIII əsrin ikinci yarısından başlayaraq, şəhərin əhalisi sürətlə çoxalır və Şuşa Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilir. Hələ Pənahəli xanın dövründə şəhərdə samballı tikinti işləri aparılırdı. Günbəgün abadlaşan Şuşa get-gedə gözəlləşirdi. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə güclü qala divarları çəkildi. Bu dövrdə şəhərdə çoxsaylı sənətkarlar məhəllələri yaranır. Ticarət daha sürətlə inkişaf edir. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, Moskva və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə «Pənabadi» (və ya «Pənahabadi») adlı gümüş sikkələr zərb edilirdi. Şuşanın gözəl mənzərəsi və uca dağlar qoynunda yerləşməsi səyyahları heyran edir, onları vəcdə gətirirdi. Məşhur rəssam V.Vreşşagin Şuşanı görəndən sonra yazmışdı: «Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir». Şuşanın əsas küçəsi olan Rastabazarda çoxlu ticarət köşkləri və sənətkar emalatxanaları var. Bu küçənin arxitekturası daş sütunlarla əhatə olunmuş örtülü qalereyalardan ibarətdir. Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanları ilə tamamlanır. Şəhərin Meydan deyilən əsas meydanı Rastabazar küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı cümə məscidindən ibarətdir. Mehmandarov qardaşlarının evləri və Füzuli küçəsindəki yaşayış binası əhalinin ən imkanlı təbəqələrinin imarətləridir. Bu cür imarətlərin interyerinin tərtibatı elədir ki, onlara baxanda bütün şərqdə məşhur olan yaşayış evinin ab-havası duyulur. Şuşada olan hər kəs «Cıdır düzü» deyilən yerdə, baxanda adamın başı gicəllənən Daşaltı uçurumunun kənarında və Daşaltı çayına gedən yoldakı məşhur «qırx pilləkən»də olmağı vacib hesab edir. «Xəzinə Qalası» deyilən mağara da «qırx pilləkən»in yaxınlığındadır. Şuşa bir sıra görkəmli şəxsiyyətlərin vətənidir. Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, Niyazi, Fikrət Əmirov, süleyman ələsgərov və bir sıra istedadlı sənət adamları əslən şuşalıdır. Buna görə də təsadüfi deyildir ki, Şuşanı «Şərqin konservatoriyası» adlandırırlar. Yazıçılardan Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, məşhur şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, heykəltaraş C. Qaryağdı, rəssam Toğrul Nərimanbəyov və başqaları Şuşada doğulmuşlar. Şuşada memarlıq abidəsi sayılan 170 bina və 160 sənət abidəsi vardı. Məşhur «Gəncə barvazaları», Qala divarları, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, Qarabağ xanlarının imarəti, Natəvanın ev-muzeyi, Port-Arturun müdafiəçisi, artilleriya generalı Mehmandarovun evi, şair və rəssam Mir Mövsüm Nəvvabın evi, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, məşhur müğənni Bülbülün ev-muzeyi, şair Vaqifin məqbərəsi bu qəbildəndir. Şuşadan bir qədər aralıda, dəniz səviyyəsindən 900 metr yüksəklikdə Xankəndi şəhərin yerləşir. Bu şəhərin ilkin adı Verende olmuşdur. IX əsrə aid yazılı mənbələrdə onun adı çəkilir. Verende adı həmin ərazidə yaşamış türkdilli qəbilənin adından götürülmüşdür. XVIII əsrin axırları - XIX əsrin əvvəllərində Mehdiqulu xan (pənahəli xanın oğlu) burada Xankəndi adlı məskən salmışdır. Mehdiqulu xan sonralar bu kəndi öz arvadı Pəricahan Bəyimə bağışlamışdır. Mehdiqulu xanın sarayından əsər - əlamət qalmamışdır. Lakin ona məxsus olmuş Xan bağı və Xan bulağı hələ də qalır. 1923-cü ildə Xankəndinin adını dəyişdirib Stepanakert adlandırdılar. Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra şəhərin əvvəlki adı ona qaytarıldı.