Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsası 1952-ci ildə Xırdalan qəsəbəsindəki uşaq bağçasının yerləşdiyi binada qoyulub. Sonradan bir neçə binaya köçürülən kitabxana 1975-ci ildə Xırdalan şəhəri, 27-ci məhəllə, 4a saylı binaya yerləşdirilib və bu günədək həmin binada fəaliyyət göstərir. Mərkəzi Kitabxana 1977-ci ildən rayonun qəsəbə və kəndlərindəki kitabxanalarla birlikdə Abşeron Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi olub. İndiki Xızı rayonunun qəsəbə və kənd kitabxanaları da vaxtilə Abşeron rayon MKS-nin filialları olub və 1992-ci ildə Xızı rayonu ayrılandan sonra Abşeron rayon MKS-in 18 filialı fəaliyyət göstərib. 2004-cü ildə şəxsi evlərdə yerləşdiyinə görə Masazır və Qobustan kənd kitabxana filialları bağlanıb. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin, müstəqil kitabxanalarının, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nin təsdiq edilməsi haqqında 11 oktyabr 2011-ci il 162 saylı qərarına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 3213/19 saylı məktubuna və Abşeron rayon İcra Hakimiyyəti başçısının 172 saylı 10. 02. 2012-ci il tarixli sərəncamına əsasən Abşeron rayon MKS-nin 14saylı Xırdalan şəhər, 16 saylı İH kitabxanası Mərkəzi Kitabxanaya, 11 saylı (2 saylı sovxoz) kitabxana filialı 5 saylı Mehdiabad qəsəbə kitabxana filialına, 13 saylı Tuğ-zavod kitabxana filialı isə 2 saylı Ceyranbatan qəsəbə kitabxana filialına birləşdirilib. 2014-cü ildə Abşeron MKS-də Mərkəzi Kitabxana və 12 kitabxana filialı olub. 2015-ci ilin əvvəlinə 10 saylı Məhəmmədli kənd kitabxana filialının binası olmadığına və Klubun binasında yerləşdiyinə görə yeni bina tikilənədək 9 saylı Fatmayı kənd kitabxana filialına birləşdirilib, 4 saylı Digah qəsəbə kitabxana filialının binası uçub dağıldığına görə bağlanıb. 2015-ci ilin sonunda isə 6 saylı Güzdək qəsəbə kitabxana filialı, 2017-ci il 01 avqust tarixində 12 saylı Görədil kənd kitabxana filialı bağlanıb.
Günü-gündən böyüyüb artan Abşeron rayonunda, o cümlədən “Bakı Gənclər şəhərciyi”, “AAAF park”, “Qurtuluş-93” yaşayış komplekslərində, Aşağı Güzdək qəsəbəsi və Qobustan kəndində, həmçinin “Atyalı” yaşayış massivində, Digah qəsəbəsi, Masazır və Məhəmmədli kəndində kitabxana fəaliyyət göstərmir. Kitabın yayılıb, təblig olunmasında, qorunub saxlanmasında, onun gələcək nəslə ötürülməsində ən etibarlı vasitə kitabxanalardı. Kitabxanaların qorunub saxlanması mədəni irsin qorunub saxlanması deməkdir.
Rayonun əhalisi 209039, məcburi köçkünlər 39411, qeyri-rəsmi əhali 117437 nəfərdir ki, onun da 23970 nəfərindən çoxu kitabxanalarımızdan istifadə edir.
MƏRKƏZİ KİTABXANA
Mərkəzi Kitabxananın 6 şöbəsi var:
-Komplektləşdirmə və kitabişləmə şöbəsi,
-Metodika və biblioqrafiya şöbəsi,
-Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi,
-İnformasiya-resurs şöbəsi,
-Xidmət şöbəsi
-Uşaq şöbəsi.
Mərkəzi Kitabxana uyğunlaşdırılmış binada, beşmərtəbəli binanın birinci mərtəbəsində, 600 kv metrlik bir ərazıdə yerləşir.
Mərkəzi Kitabxananın nəzdində 2001 –ci ildə yaradılmış “Od parçası” ədəbi məclisinin yaradıcı üzvləri, orta məktəb şagirdləri, ali və orta ixtisas məktəbləri tələbələrinin köməyindən tədbirlərdə ardıcıl olaraq istifadə olunur.
Bildiyimiz kimi Abşeron rayonu narkotik maddələrin yayıldığı qaynar rayonlardan biridir. Kitab və kitabxana uşaq və gəncləri o mühitdən uzaqlaşdırır. Kitabxana ilə əlaqə onları elmə, yaradıcılığa həvəsləndirir, zərərli vərdişlərdən çəkindirir, eyni zamanda da kitabxana onlardan kütləvi tədbirlərdə istifadə etməklə yanaşı, həm də onların tədbirlərdə iştirakını təşkil edir.
Komplektləşdirmədən başlayan kitabxanalarımızın vəziyyəti köhnə strukturun dagılması, əlifba qrafikinin dəyişdirilməsi, oxucu sorgusuna dolgun cavab verə bilməməsi, çap məhsullarının lazımınca daxil olmaması və s. bu kimi çətinliklərdən asılı olub və olmaqda davam edir. Respublika Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə klassik və müasir ədəbiyyatın latın qrafikası ilə yenidən nəşr olunub kitabxanalara hədiyyə edilməsi kitabxanalarda oyanış əmələ gətirdi. Sərəncama müvafiq olaraq bu günədək kitabxana fondlarına sistemli şəkildə çoxlu adda yüzlərlə kitab daxil olub. Bütün sadalananlar kitabxana fondlarının tam komplektləşdirilməsi demək deyil. Yüksək tirajla olmasa da Azərbaycanda çap olunan məhsulların heç də hamısı fondlara daxil olub, tam əksini tapa bilmir. Alimlər, elm adamları öz hesablarına buraxdırdıqları kitabları tələbələrə satmaqla kifayətlənir, kitabxanalara elmi ədəbiyyat ya gəlmir, ya da cüzi daxil olur. Vahid struktur formalaşmayınca kitabxana fondları elmi ədəbiyyatdan yan düşəcək, oxucular istənilən ədəbiyyatı mənimsəyə bilməyəcək. Və eyni zamanda Kitabxanalar dövlət müəssisəsi oldugundan dövlət büdcəsinin vəziyyəti kitabxanaların vəziyyətinə birbaşa təsir göstərir.
Komplektləşdirmə və kitabişləmə şöbəsi MKS-ə daxil olan kitab və digər materialların qeydini aparır, kitablara ciblik və müddət vərəqi yapışdırır, möhürləyib, kitablara indeks və inventar sayları verir, kataloqlaşdırır, inventar və uçot kitablarında qeydiyyatını aparıb, Mərkəz və filiallara sistemli şəkildə paylanmasını təşkil edir.
Metodika və biblioqrafiya şöbəsi keçirilən seminar və tədbirlərin təşkilində yaxından iştirak edir, filial və Mərkəzin xidmət şöbələrinə ardıcıl olaraq metodiki tövsiyyə və məsləhətlərini verir, illik və rüblük iş planlarının tutulub, təsdiq olunması və həyata keçirilməsində lazımı köməklik göstərir və nəzarət edir. Mövzu və yeni ədəbiyyat sərgilərinin təşkilində, oxucu konfransları, kitab təqdimatları, ədəbi-bədii gecələrin keçirilməsini təşkil edir, məruzə və mühazirələr hazırlayır, MKS-yə daxil olan yeni ədəbiyyat haqqında büllitenləri nəzərə çatdırır. Bir sözlə şöbə oxucuların kitaba, kitabxanaya cəlb olunmasında yaxından iştirak edir.
Oxu zalı Xidmət şöbəsi ilə birgə oxuculara kitab və digər materialların çatdırılmasını təşkil edir, eyni zamanda oxucuların kitabxanaya cəlb olunması, tədbirlərin hazırlanmasını həyata keçirir.
Tədbirlər Planında kitabxanalarda vətənpərvərlik mövzusunda tədbirlərin həyata keçirilməsi barədə Abşeron rayon Mərkəzi Kitabxanasında “Doğma Abşeronum”, “20 Yanvar”, “Xocalı soyqırımı”, işğal günləri ilə bağlı sərgilər nümayiş etdirilir, söhbətlər aparılır, vətənpərvərliyə aid kitab və digər materiallar tövsiyyə olunur, Milli qəhrəman və Vətən uğrunda şəhid olmuşların foto-stendləri nümayiş olunur, onlar haqqında məlumat verilir.
MKS-nin işində müasir informasiya texnologiyasının istifadəsinə gələndə, 2007-ci ilin sonunda kitabxanaya bir kompyuter dəsti alınmışdır. 2009-cu ildə daha 2, 2010-cu ildə 2(9 saylı Fatmayı) kompyuter dəsti alınmış, (2015-ci il ərzində Mərkəzi Kitabxanada 9 kompyuter dəsti olub), C.Cabbarli adına Cənclər Kitabxanası 3 nootbookhədiyyə edib. Kitabxananın veb-saytı (2009) yaradılmışdır. 2011-ci ildən Mərkəz və Fatmayı kənd kitabxanasının internetə çıxışı təmin olunub. 2013- cü ilin avqust ayında Mərkəzi Kitabxana İRBİS–64 proqramı ilə təzhiz olunub. 2015-ci ilin sonunadək kitabxana bu proqramla işləyib və yeni yaradılmış ALİSA proqramı üzrə M.F.Axundov adına Respublika Milli Kitabxanasında təşkil olunan treyninqlərdə işçilərin iştirakı təmin edilib. Təəssüflər olsun ki, ALİSA proqramının tətbiqi 2016 –cı ildə təmin olunmadı.
Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi Abşeron rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Elektron kataloqunun yaradılması işinə 2013-cü ilin sonlarından başlanıb. Şöbə kitabxananın vahid kompyuter şəbəkəsinin və proqram təminatının yaradılmasını, kitabxananın elektron poçtunun, internet səhifəsinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir. Kitabxananın vahid kompyuter şəbəkəsinin və proqram təminatının yaradılmasını təmin edir. Kitabxananın elektron poçtunun, internet səhifəsinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir.
Kitabxananın Elektron kataloqunun idarə olunması, elektron resusların, bazalarının yaradılması, Elektron kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işini təşkil etmək, habelə “Administrator” modulu vasitəsi ilə sistemin fəaliyyətinə nəzarət və koordinasiya etmək funksiyasını həyata keçirirdi. MKS-də kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işini təşkil edirdi. Şöbə mütəmadi olaraq kitabxana rəhbərliyini kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesi haqqında məlumatlandırır və təkliflər verirdi.
Elmi –texniki tərəqqinin inkişaf etdiyi, virtual şəbəkənin kütləviləşdiyi, müasir informasiya texnologiyalarından istifadənin genişləndiyi bir vaxtda kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması yönümündə xeyli irəliləyiş olmuşdu. 2013-cü ilin sentyabrından qəzet materiallarının və kitabların “İRBİS-64” proqramında işlənməsinə başlanıldı. Son üç ildə elektron kitablar alınmağa başlandı. Şöbə Kitab fondunun, o cümlədən, latın qrafikalı, retro və uşaq ədəbiyyatının, qəzet və jurnal materiallarının, elektron kitablarının (SD və DVD) bu proqramda ardıcıl olaraq işlənməsini təmin edirdi.
2016 –cı il tarixindən ALİSA proqramına keçid məqsədi ilə “İRBİS-64” proqramı dayandırılıb.
İnformasiya-resurs şöbəsi
Şöbə kitabxananın Veb-saytının idarə olunması (Veb-saytın operativ yerləşdirilməsi, əlavə və dəyişikliklərin edilməsi, domen və hostinqin fəaliyyətinə nəzarət), şəbəkənin antivirus proqramının, habelə lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Habelə dövri mətbuatın təsvirini “kataloqlaşdırma” modulu vasitəsi ilə həyata keçirir.
Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin həyata keçirdiyi “kataloqlaşdırma” modulunun bazasından istifadə edərək elektron resursların bazalarının yaradılmasını həyata keçirir.
Kitabxananın Veb-saytının domen və hostinqinə nəzarət edib, bu barədə rəhbərliyini mütamadi olaraq məlumatlandırıb və təkliflər verib. Veb-saytın operativ yeniləşməsi, veb-sayta əlavə və dəyişiklər edilməsi, kitabxananın cari yazılarının yığılması işini həyata keçirib.
Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş resursların, həmçinin görkəmli şəxsiyyətlərin, klassiklərin yubileyləri münasibəti ilə onların həyat və yaradıcılığını əks etdirən resursların yaradılması və zənginləşdirilməsi işini təmin edir. Yaradılmış tammənalı resursları oxucuların istifadəsinə təqdim etmək üçün həmin resursların Azərbaycan və rus dilli elektron kitabxanalarında və digər elektron bazalarında yerləşdirilməsini təmin edib. Elektron kitabxana yaradılması məqsədi ilə internet səhifələrindən, veb –saytlardan PDF formatlı elektron kitablar yükləyib hazırlayır, onları şöbələrə, -koteqoriyalara bölür, müəllif, sərlövhə və İSBN saylarını yazır. Şöbə keçirilən tədbirlərin anons və xülasəsini kitabxananın saytında əks etdirir.
Abşeron rayon MKS-in uşaqlara xidmət göstərən Uşaq Şöbəsi Mədəniyyət Mərkəzinin nəzdində yerləşib, Mərkəzi Kitabxananın bir şöbəsi kimi fəaliyyət göstərir. Şöbə 24356 nüsxə kitabla oxuculara xidmət edir. Şöbənin nəzdində 2015-ci ilin avqust ayında “Nağıl otağı” yaradılıb və azyaşlı uşaqların istifadəsinə verilib. Eyni zamanda keçirilən tədbirlərin əksəriyyəti burada keçirilir.