16.12.2025
21.04.2025-ci il tarixində Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər həyata keçirilib. Tədbirlərdə şəhərimizin 5,15,17, 26, 27, 28 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi və kitabxanaların oxucuları fəal iştirak ediblər. Tədbirə eləcə də şəhərimizin ziyalılarından yazıçı-publisist Eyruz Məmmədov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, Əli Kərim adına Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, yazıçı-ssenarist, kultroloq Hafiz Ataxanlı, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin fəxri qonaqlar qismində dəvət ediliblər.
Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirlərə “Konstitusiya və Suverenlik İli” və “Heydər Əliyev-102” adlı kitab sərgiləri ilə start verilib. Sərgi haqqında gün ərzində iştirakçılara kitabxananın əməkdaşları Seyidnurova Xəyalə və Şahbazova Esmira tərəfindən ətraflı məlumat verilib. Qeyd edək ki, kitab sərgilərində Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin dahi siyasəti, Azərbaycan Respublikasının Konstitusiyası , Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması və s. mövzulardan bəhs edən ədəbiyyatlar nümayiş olunub. Sərgi ilə tanış olan iştirakçılarla ziyalılarımız tərəfindən maraqlı söhbətlər aparılıb, onlara öz tövsiyələrini veriblər.
Saat 12.00-da “Konstitusiya və Suverenlik İli” nə həsr edilmiş “Azərbaycan-yurdum mənim” adlı bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, bədii zövqün formalaşmasına dəstək olmaqdır. Qeyd edək ki, üç turdan ibarət olan müsabiqənin yekun olaraq final mərhələsi keçirilib. Müsabiqədə finala vəsiqə almış 10 nəfər qiraətçi iştirak edib. Müsabiqənin aparıcısı direktor müavini Məmmədli Natəvan mövzu ətrafında çıxış etdikdən sonra müsabiqənin şərtləri haqqında iştirakçıları məlumatlandırıb. Müsabiqədə iştirakçıların söylədiyi şeirlər peşəkar münsiflər heyəti: yazıçı-ssenarist Hafiz Ataxanlı, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin və şair Elvin İntiqamoğlu tərəfindən qiymətləndirilib. Münsiflərin qərarına əsasən Məmmədli Fatimə İnqilab qızı I yer, Nuriyev Mətləb Məhəmməd oğlu II yer, Əhmədli Zeynəb Rəşad qızı III yerə layiq görülüblər. Qaliblər fəxri fərman və hədiyələrlə təltif ediliblər.
Yekun olaraq saat 15.00-da isə “Heydər Əliyev və Suveren Azərbaycan” adlı oxucu konfransı keçirilib. Konfransı giriş sözü ilə açan direktor vəzifəsini m.i.e. Təranə Hüsiyeva çıxış edərək vurğulayıb ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən Ulu Öndər Heydər Əliyev olub. Gənc nəslin dünyagörüşünün formalaşmasında Ümummilli Lider Heydər Əliyev milli-mənəvi irsinin öyrənilməsinin çox böyük əhəmiyyəti var.Tədbirdə Heydər Əliyevə həsr olunmuş videoçarx nümayis olunub.Konfrans MKS -in əməkdaşları Hüseynova Gülnar “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur”, Mahmudova Leyla “H.Əliyev və Azərbaycan gəncliyi”, Qasımova Səbinə “Uşaqlara sonsuz məhəbbətin Ulu Öndər nümunəsi”, Nəsirova Seyidə “Heydər Əliyev-Azərbaycan mədəniyyətinin banisi”, Hüseynova Leyla “Heydər Əliyev və Müstəqil Azərbaycan Konstitusiyası” mövzuları ətrafında davam etdirilib. Sonda şəhərimizin ziyalıları İbrahim İlyaslı və Hafiz Ataxanlı çıxış edərək Heydər Əliyevin Azərbaycan ədəbiyyatında və mədəniyyətində rolu və xidmətlərindən bəhs ediblər.