Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət naziri Sumqayıtda vətəndaşları qəbul edib

03.11.2023

Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri təşkil olunur, sakinlərin problem və təklifləri dinlənilir.

Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu oktyabrın 31-də Sumqayıt şəhərində gerçəkləşib.

Qəbuldan öncə nazir və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli liderin Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Vətəndaşların müraciətləri işlə təmin olunma, Ümummilli lider Heydər Əliyev haqqında kitabın çap edilməsi, mədəniyyət sahəsi ilə bağlı layihələr, təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.