Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi şəhidi rəssam Rauf Məhərrəm oğlu İbadovun “Sizə yadigar qalsın” adlı fərdi sərgisi təşkil edildi

06.06.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının və “Nəfəs” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi rəssam Rauf Məhərrəm oğlu İbadovun “Sizə yadigar qalsın” adlı fərdi sərgisi  təşkil edilib. Sərgidə şəhid rəssamın 44 rəsm əsəri nümayiş olunub. Sərgidə Sumqayıt şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Toğrul Şamxallı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, şəhid anası Ceyran Həsənova, “Nəfəs” İctimai Birliyinin rəhbəri Firəngiz Balakişiyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, dəyərli ziyalı şair Əşrəf Veysəlli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi katibi Tahirə Haqverdiyeva, professor İsmayıl Əliyev, Qərbi Azərbaycan İcması qadınlar şurasının üzvü Cəmilə Fəyyaz, bəstəkar Sevinc Tofiqqızı, Sumqayıt Qaz İstismar İdarəsinin əməkdaşları, rəssamlar, qazilər, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Rauf Məhərrəm oğlu İbadov 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 2002-2013-cü illərdə 2 saylı orta məktəbdə, 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakültəsində ali təhsil alıb. 2017-2018-ci illərdə 708 saylı MO hərbi hissədə xidmət edib. Hərbi xidmətdə nümunəvi xidmətinə görə Fəxri Fərmanla təltif olunub. 2017-2018-ci illərdə Hərbi xidmətdə olarkən nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunub. 2020-ci il iyul ayındakı Tovuz döyüşləri zamanı Hərbi Komisarlıqda könüllü olaraq qeydiyyata düşüb. Sentyabr ayının 27-dən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətə görə Rauf manqa komandiri təyin olunub. Son məlumata görə, 23 oktyabr tarixində Laçın dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı əlbəyaxa döyüşlə bir neçə düşməni məhv edib və qəhramancasına şəhid olub. 30 oktyabr 2020-ci il tarixində Abşeron rayonu, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Qonaqlar sərgi ilə tanış olduqdan sonra, öncə müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan moderator, əməkdar artist Cəlal Məmədov bildirib ki, 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb, Zəfər ili kimi həkk olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanıb, xalqımızın 30 illik həsrətinə son qoyulub. Tədbirdə çıxış edənlər şəhidlərimizin o cümlədən, Rauf İbadovun qısa, lakin şərəfli, hər bir gənc üçün örnək olan ömür yollarından, Azərbaycan Ordusunda nümunəvi hərbi xidmətlərindən, eləcə də, Vətən müharibəsi cəbhələrində hərbi əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açıblar. Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova şəhid rəssam Rauf İbadovun rəsmlərindən söhbət açaraq, çəkdiyi rəsm əsərlərinin əksərriyətinin vətənpərvərlik mövzusunu əhatə etdiyini bildirib. Peşəkar rəssam Tofiq Əhmədovun Rauf İbadova həsr etdiyi portreti şəhidin valideynlərinə təqdim olunub. Şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, anası Zərnigar İbadova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər. Şəhid rəssam Rauf İbadovun atası Məhərrəm İbadov tədbirin təşkil olunmasında Sumqayıt Regional Mədəniyyət İdarəsinə, Sumqayıt Dövlət Rəsm Qalereyasına, “Nəfəs” İctimai Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Tədbir iştirakçıları Gülyanaq Məmmədovanın ifasında Rauf İbadovun əziz xatirəsinə ithaf olunan "Qəhrəmanlıq dastanı..." adlı  klipə tamaşa ediblər. Sonda Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin kollektivi musiqi nömrələri ilə çıxış ediblər. Laçın rayon 5 saylı orta məktəbin Rauf İbadov adına sinfin şagirdləri şeirlər söyləyiblər.