Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbin şagirdi rəsm müsabiqəsində uğur qazandı

22.05.2023

SOCAR “Azərikimya” İstehsalat Birliyi tərəfindən ulu öndər Heydər Əliyevin 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması münasibətilə Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Mənim Azərbaycanım” adlı rəsm müsabiqəsinə may ayının 17-də yekun vurulub. Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən müsabiqəyə Sumqayıt şəhəri, o cümlədən Hacı Zeynalabdin Tağıyev, Corat və Saray qəsəbələrində yerləşən orta məktəblərin şagirdləri tərəfindən 63 iş daxil olub. Təqdim olunan əl işləri “Azərikimya” İB-nin Baş direktoru İmran Arzumanzadə, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Rəssamlar İttifaqı Fondunun üzvləri Fazil Abbasquluzadə, Mikayıl Abdullayev, AZƏRTAC-ın xüsusi müxbiri, Əməkdar mədəniyyət işçisi Ətrabə Rzayeva, Respublikanın Əməkdar jurnalisti Rafiq Oday, “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Aydın Xəlilov, Sosial-inkişaf şöbəsinin böyük mühəndisi Bəxtiyar Musayev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin məsləhətçisi Oktay Nuriyev, Uşaq və yeniyetmələrin Yaradıcılıq Mərkəzinin rəsm müəllimi Xeyransa Cəlilinin təmsil olunduğu münsiflər heyəti tərəfindən diqqətlə araşdırılıb və ilkin mərhələdə 11 şagirdin əl işi seçilib. Növbəti mərhələdə 11 əl işindən fəxri yerlərin sahibləri seçilib, münsiflər heyətinin ümumi rəyi ilə I yerə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində təhsil alan Nuray Balamiyeva layiq görülüb. “Azərikimya” İB-nin Baş direktoru İmran Arzumanzadə münsiflər heyətinin üzvləri ilə birgə müsabiqənin qaliblərinə diplomları və qiymətli hədiyyələri təqdim edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Şagirdi müsabiqəyə müəllimi Səadət Şahbazova hazırlayıb.