Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bahar ətirli şəhid əmanətləri yad olundu

20.03.2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Səməd Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları Vətən müharibəsi şəhidlərinin mart ayında anadan olan övladlarını doğum günü və Novruz bayramı münasibətilə qəhrəmanlarımız - şəhid Fərrux Mirzəmməd oğlu Həşimov, Murad İlqar oğlu Rəhimli, Asif Məhəmmədağa oğlu Azayev, Sirac Abış oğlu Abışov, Qəzənfər Ədalət oğlu Mütəllimovun ailələrini ziyarət ediblər.

Mart ayında dünyaya gələn şəhid balalarını ziyarət də “ Bahar ətirli şəhid əmanətləri” adlı layihədə gerçəkləşib.

Övladlarına “siz qəhrəman övladı olacaqsınız, atanızla Şəhidlər xiyabanında görüşüb, söhbət edəcəksiz” deyən XTQ-nin kapitan leytenantı Fərrux Həşimov Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.

Uşaq şöbəsinin əməkdaşları onun oğlu Hüseynin 3 yaşı olması münasibətilə Corat bağları yaşayış massivindəki evdə olublar.

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor v.m.i.e.Natavan Axundazadə, Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova, böyük mütəxəssis Zübeydə Məmmədova şəhidin ailəsi ilə söhbətlərində Fərruxun mənalı həyat səhifəsini bir daha vərəqləyib, onun keçdiyi şərəfli ömür yoluna nəzər salıblar.

Daha bir görüş Murad Rəhimlinin oğlu Məhəmmədin ad günü münasibətilə şəhidin evində gerçəkləşib.

“Pələng” ləqəbli Qəzənfər Mütəllimovun qızı Nişanənin 3 yaşı şöbənin əməkdaşlarının ziyarəti ilə yaddaqalan olub. Bayram xonçası, kitab və hədiyyə körpə fidanın sevincinə səbəb olub. Şöbə müdiri Y.Hüseynova, böyük mütəxəssis Zübeydə Məmmədova, yazıçı - dramaturq, kulturoloq H.Ataxanlı şəhid məqamının ucalığından söhbət açıblar.

Uşaq şöbəsinin əməkdaşları Azərbaycan Televiziyasının əməkdaşı, şəhid jurnalist Sirac Abışovun əmanəti Özgürü də diqqətdən kənarda qoymayaraq, onu 3 yaşı münasibətilə təbrik etməyi unutmayıblar.

Şəhid Asif Azayevin əmanəti Rəhimi də 10 yaşı münasibətilə təbrik etmələri ailədə xoş ovqat yardıb. Hər bir şəhid ailəsi onların övladlarına ayrılan bu diqqətə görə təşəkkür ediblər.