Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Sumqayıt Şəhərinin Tarixi Muzeyində “Dahilər dahisi çağrılır adın” adlı tədbir keçirildi

16.12.2025

Sumqayıt Şəhərinin Tarixi Muzeyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş “Dahilər
dahisi çağrılır adın” adlı möhtəşəm tədbir keçirilib. Tədbir Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin və Sumqayıt Şəhərinin Tarixi Muzeyinin birgə əməkdaşlığı ilə reallaşıb.
Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, Təhsil və Mədəniyyət sahələri üzrə Abşeron-Xızı Regional idarələrin əməkdaşları, şəhid anaları, Vətən müharibəsi qaziləri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir iştirakçıları Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, gənc nəslin milli ruhda tərbiyəsi və təhsilin inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərindən danışıblar.
Tədbirdə çıxış edən Sumqayıt Şəhərinin Tarixi Muzeyinin rəhbəri Namiq Əliyev, muzeyin əməkdaşı Səidə Səfərova , Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Mehriban Nəcəfova, Sumqayıt Təhsil Sektorunun müdiri İman Ağayev, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Bayram Cəfərli, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Səyyar Abdullayev , Xidmət sahələri üzrə Peşə Təhsil Mərkəzinin direktoru Gülşən Ömərova və YAP-ın Sumqayıt şəhər təşkilatının nümayəndələri Ulu Öndərin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və müasir Azərbaycanın quruculuğundakı rolu barədə geniş məlumat veriblər. Onun milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə və tariximizə verdiyi önəm xüsusi vurğulanıb. Şagirdlərin təqdim etdiyi bədii kompozisiyalar, şeirlər və mahnılar tədbirə xüsusi rəng qatıb. İfa olunan vətənpərvərlik ruhlu mahnılar və təqdim olunan rəqs nömrələri zalda alqışlarla qarşılanıb. Şagirdlərin çıxışlarında Heydər Əliyev şəxsiyyətinə olan sevgi və heyranlıq aydın hiss olunurdu. Hər bir çıxış Ulu Öndərin əzəmətli irsini bir daha yaşatdı. Tədbir həm də gənc nəslin milli liderə olan dərin ehtiramının təzahürü kimi yadda qaldı. Bu cür tədbirlərin keçirilməsi, Ulu Öndərin ideyalarının yaşadılması və gənc nəsillərə aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.